التَّحْذِيرُ مِنَ البِدَعِ
Bidətlərdən çəkindirmə
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Kitabın müəlifi Hörmətli Şeyx
Abduləziz bin Abdullah bin Baz
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Beşinci Risalə:
Peyğəmbər (sallallahu əleyhi va səlləm) mövludunun və digər doğum günlərinin qeyd edilməsinin hökmü
Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə, səhabələrinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!
Daha sonra: Çoxsaylı insanlar tərəfindən Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mövludunun qeyd olunması, mövlud mərasimi zamanı Peyğəmbər (sallallahu əleyhi va səlləm) üçün ayağa qalxılması, ona salam verilməsi və mövludlarda edilən digər əməllərlə bağlı suallar təkrar-təkrar verilmişdir.
Cavab olaraq deyilir: Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mövludunun və digər doğum günlərinin qeyd edilməsi icazəli deyildir. Çünki bu, dinə sonradan əlavə edilmiş bidətlərdəndir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) Özü üçün bunu etməmişdir, həmçinin Raşidi Xəlifələri, digər səhabələr (Allah onlardan razı olsun) və üç fəzilətli əsrdə yaxşı işlərdə onların ardınca gedən tabiinlər də bu işi etməmişdir. Onlar sünnəni ən yaxşı bilən, Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) ən kamil sevgi bəsləyən və Onun şəriətinə ən çox tabe olan insanlardır. Uca Allah açıq-aşkar Kitabında belə buyurmuşdur:
﴿...وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْ...﴾
(Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin).
[Həşr: 7]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿...فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ﴾
(Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar). [Nur: 63]. Pak və Uca olan Allah buyurur:
﴿لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا21﴾
(Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır). [Əhzab: 21]. Uca Allah buyurur:
﴿وَٱلسَّٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ100﴾
(Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur). [Tövbə: 100]. Uca Allah buyurur:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. Bu mənada bir çox ayələr mövcuddur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنهُ فَهُوَ رَدٌّ».
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Yəni: O əməli, özünə qaytarılar. Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
«عَلَيكُم بِسُنَّتِي وَسُنَّةِ الخُلَفَاءِ الرَّاشِدِينَ المَهْدِيَّينَ مِنْ بَعدِي، تَمَسَّكُوا بِهَا، وَعَضُّوا عَلَيهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُمْ وَمُحْدَثَاتِ الأُمُورِ، فَإِنَّ كُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلَّ بِدْعَةٍ ضَلَالةٌ».
"Sizə mənim sünnəmi və məndən sonra gələcək doğru yolda olan raşidi xəlifələrin sünnəsini tövsiyə edirəm. Onlara möhkəm sarılın. Onlardan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir". Bu iki hədisdə bidətləri ortaya çıxarmaq və onlarla əməl etmək barədə şiddətli xəbərdarlıq vardır.
Belə mövludların keçirilməsi, Uca Allahın bu ümmət üçün dini kamil şəkildə tamamlamadığı və Peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) ümmətə vacib olan bütün hökmləri tam şəkildə çatdırmadığı təəssüratını yaradır. Sonradan meydana çıxan bu insanlar isə, Allahın icazə vermədiyi yenilikləri Onun şəriətinə daxil etdilər və bunu da Allaha yaxınlaşmaq vasitəsi kimi təqdim edirlər. Bu isə şübhəsiz ki, böyük bir təhlükədir və həm Uca Allaha, həm də Onun Rəsuluna (sallallahu aleyhi va səlləm) qarşı bir etirazdır. Halbuki Uca Allah Öz qulları üçün dini kamil etmiş, onlara olan nemətini tamamlamışdır. Peyğəmbər (sallallahu aleyhi va səlləm) isə risaləti tam şəkildə təbliğ etmiş, Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran hər bir yolu ümmətinə bəyan etmişdir. Səhih hədisdə Abdullah bin Əmr (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَا بَعَثَ اللهُ مِن نَبِيٍ إِلَّا كَانَ حَقًّا عَلَيهِ أَن يَدُلَّ أُمَّتَهُ عَلَى خَيرِ مَا يَعْلَمُهُ لَهُم، وَيُنْذِرَهُمْ شَرَّ مَا يَعْلَمُهُ لَهُمْ».
"Allahın göndərdiyi hər bir peyğəmbər üzərində, öz ümmətinə onlar üçün ən xeyirli olanı göstərmək və ən şərli olandan xəbərdar etmək haqq idi". Hədisi Müslim öz "Səhih" əsərində rəvayət etmişdir.
Məlumdur ki, Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) peyğəmbərlərin ən əfzəli, onların sonuncusu, həmçinin risalətini ən kamil şəkildə təbliğ edən və ümmətinə ən gözəl şəkildə nəsihət verəndir. Əgər mövludların keçirilməsi Uca Allahın razı olduğu dinin bir hissəsi olsaydı, Allah Rəsul (sallallahu aleyhi va səlləm) bunu ümmətə bəyan edərdi ya Öz həyatında nümunə göstərərdi ya da səhabələri (Allah onlardan razı olsun) bunu edərdilər. Lakin bunlardan heç biri baş vermədiyindən məlum olur ki, bu əməlin İslamla heç bir əlaqəsi yoxdur. Əksinə, bu — əvvəlki hədislərdə də qeyd edildiyi kimi — Rəsulullahın (sallallahu aleyhi va səlləm) ümmətini çəkindirdiyi bidətlərdəndir. Bu mənada bir çox ayə və hədislər mövcuddur.
Alimlərin bir qismi mövludların keçirilməsini açıq şəkildə inkar etmiş və yuxarıda qeyd olunan dəlillərə, eləcə də digər sübutlara əsaslanaraq bu əməldən çəkindirmişlər. Lakin sonradan gələn bəziləri bu məsələdə onlara müxalif olmuş və bu mərasimlərdə Rəsulullah (sallallahu aleyhi va səlləm) barəsində ifrata varmaq, qadınlarla kişilərin bir yerdə qarışıq olması, musiqi alətlərindən istifadə olunması və pak şəriətin inkar etdiyi digər haram hallar yer almadığı təqdirdə, mövludların keçirilməsinə icazə verildiyini söyləmişlər. Onlar bu əməlin "Gözəl bidətlərdən" olduğunu hesab etmişlər.
Şəriətin ümumi qaydası belədir: İnsanlar arasında ixtilaf edilən məsələlər Allahın Kitabına və Rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) sünnəsinə qaytarılmalıdır. Uca Allah belə buyurur:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا59﴾
(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır). [Nisa: 59]. Uca Allah buyurur:
﴿وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِ ...﴾
(İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir). [Şura: 10].
Biz bu məsələni, yəni: mövludların keçirilməsini, Allahın Kitabına qaytardıq. Orada Uca Allahın bizi Rəsulun (sallallahu aleyhi va səlləm) gətirdiklərinə tabe olmağa əmr etdiyini, Onun qadağan etdiklərindən isə çəkinməyi, eyni zamanda bizə Uca Allahın bu ümmət üçün dinini tamamladığını xəbər verdiyini gördük. Bu mövlud mərasimləri Rəsulun (sallallahu aleyhi va səlləm) gətirdiyi dinin bir hissəsi deyildir. Beləliklə bu əməl, nə Allahın bizim üçün kamil etdiyi dindəndir, nə də Rəsula tabe olmağı əmr etdiyi dini məsələlərdəndir.
Biz bu məsələni həmçinin Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsinə də qaytardıq. Orada nə Peyğəmbərin özü bu əməli etdiyi, nə onu əmr etdiyi, nə də səhabələrinin (Allah onlardan razı olsun) belə bir şey etdiyi haqqında heç bir dəlil tapmadıq. Beləliklə biz, bu əməlin dinə aid olmadığını, əksinə, bunun sonradan dinə əlavə edilmiş bidətlərdən, yəhudi və nəsranilərin bayramlarında onlara bənzəməkdən ibarət olduğunu anladıq.
Bununla da, az da olsa bəsirət sahibi olan, haqqı axtarmaqda səmimi və ədalətli olan hər kəsə, mövludların qeyd edilməsinin İslam dinindən olmadığı, əksinə, bunun Allah və Rəsulunun (sallallahu aleyhi va səlləm) tərk edilməsini və ondan çəkinilməsini əmr etdiyi, sonradan dinə əlavə edilərək ortaya çıxan bidətlərdən olduğu aydın olur. Ağıllı bir insan, bu əməli dünyanın müxtəlif bölgələrində edənlərin çoxluğuna aldanmamalıdır. Çünki haqq, insanların çoxunun əməli etməsi ilə deyil, yalnız şəri dəlillərlə tanınar. Uca Allah yəhudi və nəsranilər barəsində belə buyurur:
﴿وَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ111﴾
(Onlar dedilər: “Yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”). [Bəqərə: 111]. Uca Allah buyurur:
﴿وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ...﴾
(Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar). [Ənam: 116].
Üstəlik, bu mövlud mərasimlərinin əksəriyyəti bidət olmaqla yanaşı, qadınlarla kişilərin qarışıq şəkildə iştirakı, mahnıların və musiqi alətlərinin istifadə olunması, sərxoşedici içkilərin və narkotik maddələrin qəbul edilməsi kimi haram, münkər və s. şər əməllərdən də xali olmur. Bəzən mövlud mərasimlərində bundan da daha böyük bir günah baş verir. Bu, böyük şirkdir. Bu isə, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) və ya digər övliyaları həddindən artıq tərifləyərək ifrata varmaq, onlara dua etmək, onlardan yardım və kömək diləmək, qeybi bildiklərinə inanmaq kimi küfr xarakterli əməllərlə baş verir. Bu cür hallar, bir çox insanın Peyğəmbərin (sallallahu aleyhi va səlləm) və övliya adlandırdıqları şəxslərin mövludlarını qeyd edərkən tez-tez müşahidə olunur. Rəsulullah (sallallahu aleyhi va səlləm) bu barədə Səhih hədisdə belə buyurmuşdur:
«إِيَّاكُم وَالغُلُوُّ فِي الدِّينِ، فَإِنَّمَا أَهْلَكَ مَن كَانَ قَبْلَكُم الغُلُوَّ فِي الدِّينِ».
"Dində ifrata varmaqdan çəkinin! Çünki sizdən əvvəlkiləri həlak edən, məhz dində ifrata varmaq olmuşdur". Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
«لَا تُطْرُونِي كَمَا أَطْرَتِ النَّصَارَى ابْنَ مَرْيَمَ، إِنَّمَا أَنَا عَبدٌ، فَقُولُوا: عَبدُ اللهِ وَرَسُولُه».
"Nasranilər Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!” – deyin". Hədisi Buxari "Səhih'" əsərində, Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir.
Ən qəribə və təəccüblü hallardan biri də odur ki, bir çox insanlar bu bidət sayılan bayram və mərasimlərdə fəallıq göstərir, iştirak etməyə çalışır, onları müdafiə edirlər. Amma Allahın vacib etdiyi cümə və camaat namazlarına gəlməyə isə laqeyd yanaşırlar. Onlar buna əhəmiyyət vermirlər və böyük bir günah işlətdiklərini düşünmürlər. Şübhəsiz ki, bu, imanın zəifliyindən, bəsirətin azlığından və qəlblərin çoxlu günahlar və itaətsizliklərlə örtülməsinin nəticəsidir. Allahdan bizə və bütün müsəlmanlara afiyət (salamatlıq) diləyirik.
Bu məsələlərdən biri də budur ki, bəziləri Peyğəmbərin (sallallahu aleyhi va səlləm) mövlud mərasimlərinə qatıldığını zənn edirlər. Bu səbəbdən də ayağa qalxaraq onu salamlayır və qarşılayırlar. Bu isə ən böyük batillərdən və ən çirkin cəhalət nümunələrindəndir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) Qiyamət gününədək qəbrindən çıxmaz, heç kəslə əlaqə saxlamaz və insanların toplantılarına qatılmaz. Əksinə, O, Qiyamət gününə qədər qəbrindədir, ruhu isə Rəbbinin yanında ən ali və ən şərəfli məqamdadır. Uca Allah belə buyurur:
﴿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ15 ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ16﴾
(Bundan sonra siz mütləq öləcəksiniz.
Sonra da Qiyamət günü dirildiləcəksiniz). [Muminun: 15, 16].
Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«أَنَا أَوَّلُ مَنْ يَنْشَقُّ عَنْهُ القَبْرُ يَومَ القِيَامَةِ، وَأَنَا أَوَّلُ شَافِعٍ، وَأَوَّلُ مُشَفَّعٍ».
"Mən Qiyamət günü qəbrindən ilk çıxacaq insan olacam. Mən ilk şəfaət edən və şəfaəti qəbul olunanam". Rəbbindən ona ən əfzəl salat və salam olsun.
Bu iki mübarək ayə, hədisi-şərif və bu mənada gəlmiş digər ayə və hədislərin hamısı, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) və digər vəfat etmiş şəxslərin yalnız Qiyamət günü qəbirdən çıxacaqlarına dəlalət edir. Bu məsələ İslam alimləri arasında ittifaqla qəbul edilmişdir və bu barədə aralarında heç bir ixtilaf yoxdur. Odur ki, hər bir müsəlman bu kimi məsələlərə diqqətlə yanaşmalı və Uca Allahın barəsində heç bir dəlil nazil etmədiyi, cahillərin və onlara bənzəyənlərin sonradan uyduraraq dinə əlavə etdikləri bidət və xurafatlardan uzaq durmalıdır. Yardım yalnız Allahdandır. Biz yalnız Ona güvənirik. Qüdrət və güc yalnız ən Uca və ən Böyük Allahdadır!
Amma Peyğəmbərə (sallallahu aleyhi va səlləm) salat və salam göndərməyə gəldikdə isə bu, Allaha yaxınlaşdıran ən fəzilətli ibadətlərdən və saleh əməllərdən biridir. Uca Allah belə buyurur:
﴿إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا56﴾
(Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!). [Əhzab: 56]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ صَلَّى عَلَيَّ وَاحِدَةً؛ صَلَّى اللهُ عَلَيهِ بِهَا عَشْرًا».
"Kim mənə bir salavat gətirsə, Allah ona on salavat endirər (verər)". Peyğəmbərə (sallallahu aleyhi va səlləm) salavat gətirmək hər zaman şəriətə uyğundur, lakin bu, hər namazın sonunda daha da təkid edilmişdir (təkidlidir). Hətta bir qrup alimlərə görə, hər namazın son "Təşəhhüdündə" salavat gətirmək vacibdir. Salavat gətirmək bir çox məqamlarda təkid olunmuş sünnə hesab olunur. Məsələn: Azandan sonra, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) adı çəkildikdə, həmçinin cümə günü və cümə gecəsində. Buna dəlalət edən çoxsaylı hədislər mövcuddur.
(Sonda) Uca Allahdan diləyirik ki, bizi və bütün müsəlmanları dinini doğru-düzgün anlayıb onda sabitqədəm etsin, hər bir kəsə sünnəyə bağlı qalmağı və bidətlərdən uzaq durmağı nəsib etsin. Həqiqətən, O, səxavətli və kərimdir.
Allahın salatı və salamı peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
***
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Altıncı Risalə:
İsra və Mirac gecəsini qeyd etməyin hökmü
Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
Daha sonra: Şübhəsiz ki, İsra və Mirac hadisəsi, Allah Rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) doğruluğuna, sadiqliyinə və Onun Allah qatında uca məqama sahib olmasına dəlalət edən, Uca Allahın qüdrət və əzəmətini göstərən böyük ayələrindən (möcüzələrindən) biridir. Eyni zamanda bu hadisə, Uca Allahın sonsuz qüdrətinin və Onun bütün məxluqatdan üstün və uca olmasının parlaq dəlillərindəndir. Uca Allah belə buyurur:
﴿سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ1﴾
(Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir). [İsra: 1].
Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) göylərə yüksəldiyi, göylərin qapılarının Onun üçün açıldığı, yeddinci səmadan da yuxarıya keçdiyi, orada Rəbbi ilə istədiyi şəkildə danışdığı və Ona beş vaxt namazın fərz buyurulduğu, çoxlu etibarlı ravilər tərəfindən nəql olunan mütəvatir rəvayətlərlə sabit olmuşdur. Əvvəlcə Uca Allah bu namazları əlli dəfə fərz etmişdi. Lakin Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) Allaha dəfələrlə müraciət edərək yüngülləşdirmə istəmiş, nəticədə bu namazlar beş vaxta endirilmişdir. Beləliklə, bu namazlar fərz olaraq beş vaxt olsa da, savab baxımından əlli namaza bərabərdir. Çünki Uca Allah hər yaxşı bir əmələ on misli ilə qarşılıq verir. Bütün bu nemətlərə görə Uca Allaha həmd və şükürlər olsun!
İsra və Mirac hadisəsinin baş verdiyi bu gecənin, nə Rəcəb ayında, nə də başqa bir vaxtda, dəqiq olaraq hansı gecə olduğu barədə səhih hədislərdə heç bir məlumat yoxdur. Bu gecənin dəqiq vaxtı ilə bağlı nəql olunan bütün rəvayətlər, hədis alimlərinin ittifaqına əsasən, Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) sabit olmamışdır. Uca Allahın bu gecənin dəqiq tarixini insanlara unutdurmasında böyük hikmət vardır. Əgər bu gecənin vaxtı dəqiq şəkildə sabit olsaydı belə, müsəlmanlara bu gecəni xüsusi ibadətlərlə fərqləndirmək və ya onu bayram kimi qeyd etmək icazəli olmazdı, çünki nə Peyğəmbər (sallallahu aleyhi va səlləm), nə də onun səhabələri (Allah onlardan razı olsun) bu gecəni xüsusi şəkildə qeyd etməmiş və onu fərqli ibadətlərlə keçirməmişlər. Əgər bu gecənin qeyd olunması (bayram kimi keçirilməsi) şəriətə müvafiq bir əməl olsaydı, Rəsulullah (sallallahu aleyhi va səlləm) bunu ümmətə ya sözlə, ya da əməllə açıqlayardı. Əgər belə bir şey baş vermiş olsaydı, bu, mütləq bilinər və məşhurlaşardı, səhabələr (Allah onlardan razı olsun) da bunu bizə nəql edərdilər. Çünki onlar, ümmətin ehtiyac duyduğu hər şeyi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) nəql etmiş və dində heç bir şeyi tərk etməmişlər. Əksinə, onlar hər bir xeyirdə öndə olanlardır. Əgər bu gecəni qeyd etmək şəriətdə sabit olsaydı, şübhəsiz, ilk olaraq onlar bu işi görərdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) insanlar arasında insanlara qarşı ən səmimi və ən çox nəsihət verən şəxs idi. O, Allahın risalətini tam şəkildə çatdırmış, əmanəti yerinə yetirmişdir. Əgər bu gecənin təzim edilməsi və qeyd olunması Allahın dinindən olsaydı, Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu nə unudar, nə də gizlədərdi. Belə bir şey baş vermədiyindən, məlum olur ki, bu gecəni qeyd etmək və onu xüsusi şəkildə təzim etmək İslamdan deyildir. Uca Allah bu ümmət üçün dinini kamil etmiş, ona olan nemətini tamamlamış və dinə, Allahın izn vermədiyi yenilikləri (bidətləri) daxil edənlərə inkar etmiş, o əməli qınamış və rədd etmişdir. Uca Allah bu barədə Qurani-Kərimdə açıq-aşkar belə buyurur:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ21﴾
(Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır). [Şura: 21].
Səhih hədislərdə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bidətlərdən qəti şəkildə çəkindirməsi və onların zəlalət (azğınlıq) adlandırması sabit olmuşdur. Bu xəbərdarlıqlar, ümmətə bidətlərin nə qədər təhlükəli olduğunu anlatmaq və onları bu kimi azğınlıqlara düşməkdən qorumaq məqsədi daşıyırdı. Bidətlərin təhlükəsinə dair bu xəbərdarlıqlardan biri də, Buxari və Müslimin "Səhih" əsərində Aişənin (Allah ondan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Müslimin başqa bir rəvayətində isə belə deyilir:
«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيهِ أَمْرَنَا؛ فَهُوَ رَدٌّ».
"Kim (dində) bizim etmədiyimiz (şəriət dəlillərinə istinad etməyən) bir əməl edərsə, o əməl qəbul olunmaz". Səhih Müslimdə rəvayət edilən hədisdə Cabir bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Allah Rəsulu (sallallahu əleyhi va səlləm) cümə xütbəsində belə deyərdi:
«أَمَا بَعْدَ، فَإِنَّ خَيرَ الحَدِيثِ كِتَابُ اللهِ، وَخَيرَ الهَدْيِ هَدْيُ مُحَمَّدٍ ﷺ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا، وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».
"Daha sonra: Şübhəsiz ki, sözlərin ən xeyirlisi Allahın Kitabıdır, yolların ən xeyirlisi isə Muhammədin (sallallahu əleyhi va səlləm) yoludur. Əməllərin ən şərlisi isə dinə sonradan daxil edilən yeniliklərdir (bidətlərdir), hər bir bidət də zəlalətdir". Hədisə Nəsai "Ceyyid (Yaxşı)" isnadla belə bir əlavə etmişdir:
«وَكُلَّ ضَلَالَةٍ فِي النَّارِ».
"Hər bir zəlalət isə oddadır (Cəhənnəmdədir)". "Sünən" kitablarında rəvayət olunan hədisdə İrbad bin Səriyə (Allah ondan razı olsun) belə demişdir: Rəsulullah (sallallahu aleyhi va səlləm) bizə elə təsirli bir moizə etdi ki, bundan qəlblər titrədi və gözlər yaşla doldu. Biz: “Ey Allahın elçisi, sanki bu, vidalaşan birinin moizəsidir. Elə isə bizə tövsiyə et!” – dedik. Rəsulullah (sallallahu aleyhi va səlləm) belə dedi:
«أُوصِيكُم بِتَقْوَى اللهِ وَالسَّمعِ وَالطَّاعَةِ وَإِنْ تَأَمَّرَ عَلَيكُم عَبدٌ، فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُم فَسَيَرَى اخْتِلَافًا كَثِيرًا، فَعَلَيكُم بِسُنَّتِي وَسُنَّةِ الخلُفَاءِ الرَّاشِدِينَ المَهْدِيِّينَ مِنْ بَعْدِي، تَمَسَّكُوا بِهَا وَعَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُم وَمُحْدَثَاتِ الأُمُورِ، فَإِنَّ كُلَّ مُحْدَثَةٍ بِدْعَةٍ وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və məndən sonra doğru yolda olan Raşidi Xəlifələrin yoluna tabe olmağı tövsiyə edirəm. Ondan möhkəm yapışın və bundan azı dişlərinizlə tutun. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir”. Bu mənada bir çox hədislər mövcuddur.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələri və onlardan sonra gələn saleh sələflər tərəfindən bidətlərin təhlükəsinə dair xəbərdarlıqlar və onlardan çəkindirmə açıq şəkildə rəvayət olunmuşdur. Bu isə səbəbsiz deyil. Çünki bidət, dində artırma, Allahın icazə vermədiyi bir şeyi dinə daxil etmək və həmçinin Allahın izn vermədiyi bidətləri öz dinlərinə əlavələr edən Allahın düşmənləri olan yəhudi və nəsranilərə bənzəməkdir. Çünki bidətin nəticəsi, İslam dininin kamilliyinə xələl gətirmək və onu natamam göstərməkdir. Halbuki bunun, böyük fəsad, çirkin bir münkər və Uca Allahın bu açıq ayəsinə zidd olduğu məlumdur:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim). [Maidə: 3]. Həmçinin bu, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bidətlərdən çəkinməyi və ondan uzaq durmağı əmr edən hədislərinə açıq-aydın müxalif olmaqdır.
Ümid edirəm ki, qeyd etdiyimiz dəlillər, haqqı axtaran şəxs üçün bu bidətin — yəni: İsra və Mirac gecəsini qeyd etmə bidətinin — inkar edilməsində, bu əməlin İslamda əsası olmadığını göstərməkdə və ondan çəkindirilməsinin vacibliyini isbat etmək baxımından kifayət qədər yetərlidir.
Uca Allahın müsəlmanlara nəsihət etməyi vacib buyurması, onlar üçün din olaraq nəyi şəriət etdiyini açıqlamağı əmr etməsi və elmi gizlətməyi haram etməsi səbəbilə, bir çox ölkələrdə yayılmış və bəziləri tərəfindən dinin bir hissəsi olaraq hesab edilən bu bidət barəsində müsəlman qardaşlarımı xəbərdar etməyi zəruri hesab etdim.
Uca Allahdan diləyirəm ki, bütün müsəlmanların halını islah etsin, onlara din anlayışı (dində fəqih olmağı) bəxş etsin, bizi və onları haqqa yönəlməyə, onda sabit qalmağa və ona zidd olan hər şeydən uzaq durmağa müvəffəq etsin. Həqiqətən, bunu edən və buna gücü yetən yalnız Odur.
Allahın salatı, salamı və bərəkəti qulu və rəsulu olan peyğəmbərimiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
***
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Yeddinci Risalə:
Şaban ayının yarısının gecəsini (Bəraət gecəsini) qeyd etməyin hökmü
Dinimizi bizim üçün kamil edən, bizə olan nemətini tamamlayan Allaha həmd olsun. Tövbə və mərhəmət peyğəmbəri olan peyğəmbəri və rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) üzərinə salat və salam olsun.
Daha sonra: Uca Allah buyurur:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. Uca Allah buyurur:
﴿أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُ...﴾
(Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?!). [Şura: 21]. Buxari və Müslimin "Səhih" əsərində Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Səhih Müslimdə rəvayət edilən hədisdə Cabir bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Allah Rəsulu (sallallahu əleyhi va səlləm) cümə xütbəsində belə deyərdi:
«أَمَّا بَعْدُ: فَإِنَّ خَيرَ الحَدِيثِ كِتَابُ اللهِ، وَخَيرَ الهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيهِ وَسَلَّمَ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا، وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».
"Daha sonra: Şübhəsiz ki, sözlərin ən xeyirlisi Allahın Kitabıdır, yolların ən xeyirlisi isə Muhammədin (sallallahu əleyhi va səlləm) yoludur. Əməllərin ən şərlisi isə dinə sonradan daxil edilən yeniliklərdir (bidətlərdir), hər bir bidət də zəlalətdir". Bu mənada çoxsaylı ayə və hədislər mövcuddur ki, bütün bunlar, Uca Allahın bu ümmət üçün dinini kamil etməsinə və ona olan nemətini tamamlamasına açıq-aşkar dəlalət edir. Uca Allah Peyğəmbərini (sallallahu aleyhi va səlləm) yalnız aydın şəkildə təbliğ etdikdən, Allahın bu ümmət üçün şəriət buyurduğu bütün söz və əməlləri bəyan etdikdən sonra vəfat etdirdir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) insanların Onun vəfatından sonra hətta yaxşı niyyətlə olsa belə İslam dininə nisbət edərək ortaya çıxardıqları bütün söz və əməlləri onu icad edən şəxsin üzərinə geri qayıtdığını açıqlamışdır. Bu məsələni Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) səhabələri də bilmiş, onlardan sonra gələn İslam alimləri bu anlayış üzərində olmuş, bidətləri rədd etmiş və insanları onlardan çəkinməyə çağırmışlar. Bunu İbn Vaddah, Tartuşi, Əbu Şamə və başqaları kimi sünnənin uca tutulması və bidətlərin inkarı mövzusunda əsər yazanların hamısı qeyd etmişdir.
İnsanların icad etdiyi bidətlərdən biri də, Şaban ayının yarısının gecəsini (Bəraət gecəsini) qeyd etmək və həmin günü xüsusi olaraq oruc tutmaq bidətidir. Bu barədə etimad edilə biləcək heç bir dəlil yoxdur. Onun fəzilətinə dair bəzi zəif hədislər varid olmuşdur, lakin bu hədislərə əsaslanmaq caiz deyildir.
Şəban ayının yarısının gecəsində qılınan namazların fəziləti barəsində gələn rəvayətlərin hamısı uydurmadır. Bu məsələyə dair bir çox İslam alimi həmin hədislərin uydurma olduğunu bildirmişdir. İnşallah, onların sözlərindən bir neçəsini irəlidə qeyd edəcəyik.
Bu mövzuda Şam əhli və başqalarından olan bəzi sələflərdən də rəvayətlər nəql edilmişdir.
Əksər alimlərin ittifaqına əsasən, bu gecənin qeyd olunması bir bidətdir. Onun fəziləti haqqında nəql olunan hədislərin hamısı zəif, bəziləri isə uydurmadır. Bu məsələyə diqqət çəkənlərdən biri də Hafiz ibn Rəcəbdir. O, bu barədə "Lətaif əl-Məarif" adlı kitabında bəhs etmişdir. Eyni zamanda, başqa alimlər də bu hədislərin uydurma olduğunu qeyd etmişlər. Aydındır ki, zəif hədislər yalnız əsli səhih dəlillərlə sabit olan ibadətlərə dair mövzularda əməl edilir. Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) qeyd edilməsi isə heç bir səhih əsasa əsaslanmır və zəif hədislərlə dəstəklənə bilməz. Bu mühüm qaydanı İmam Əbu əl-Abbas Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) qeyd etmişdir.
Ey oxucu! Sənə bu məsələ ilə əlaqədar bəzi alimlərin sözlərini təqdim edirəm ki, mövzu barədə aydın təsəvvürün olsun.
Alimlər (Allah onlara rəhmət etsin) insanların ixtilaf etdiyi məsələlərdə hökmü, Uca Allahın Kitabına və Allah Rəsulunun (səllallahu əleyhi va səlləm) sünnəsinə qaytarmağın vacib olduğuna dair ittifaq etmişlər. Onlardan biri və ya hər ikisi ilə verilmiş hökm şəriətin əməl olunması vacib olan hökmüdür. Onlara zidd olan hər şeydən uzaq durmaq vacibdir. Kitabda və Sünnədə ibadət olduğu barədə hökm verilməyən hər bir əməl bidətdir. Belə bir əməlin icrası caiz deyil, onu təşviq etmək və tərifləmək isə qəti şəkildə yolverilməzdir. Uca Allah Təala buyurur:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا59﴾
(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır). [Nisa: 59]. Uca Allah buyurur:
﴿وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِ...﴾
(İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir). [Şura: 10]. Uca Allah buyurur:
﴿قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ...﴾
(De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”). [Əli İmran: 31]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا65﴾
(Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca iman gətirmiş olmazlar). [Nisa: 65]. Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı insanların ixtilaf etdiyi məsələlərin Kitab və Sünnəyə qaytarılmasının, eləcə də onların verdiyi hökmə razı qalmağın vacibliyini açıq şəkildə ortaya qoyur. Çünki bu, həqiqi imanın tələbidir və həm dünyada, həm də axirətdə insanlar üçün daha xeyirli və nəticə etibarilə daha yaxşı olandır.
Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) bu məsələyə dair "Lətaif əl-Məarif" adlı kitabında — əvvəlki sözlərindən sonra — belə demişdir:
"Şəban ayının yarısı gecəsinə (Bəraət gecəsinə) Xalid bin Məadən, Məkhul, Loğman bin Amir və digərləri kimi Şam əhlindən olan bəzi tabiinlər böyük əhəmiyyət verər, həmin gecədə ibadətə xüsusi səylə yanaşardılar. İnsanlar da bu gecənin fəzilət və əzəməti barədə anlayışı məhz onlardan öyrəndilər. Bəziləri isə onlara bu barədə məlumatın israiliyyat əsərlərindən gəlib çatdığını demişdir. Bu hal onlar vasitəsilə müxtəlif diyarlarda yayıldıqdan sonra, insanlar bu məsələdə ixtilafa düşdülər. Onlardan bəziləri bu görüşü qəbul etdi və bu gecəni uca tutmaqda onlara qoşuldu. Bu qəbildə olanlar arasında Bəsrə əhlindən olan bəzi zahidlər və digərləri də vardır. Hicaz diyarının bir çox alimləri isə bunu rədd etmişdir. Onların arasında: Əta, İbn Əbi Muleykə də vardır. Bu fikri Əbdurrahman bin Zeyd bin Əsləm, Mədinənin fəqihlərindən nəql etmişdir. Həmçinin bu, Maliki məzhəbinin davamçılarının və digər alimlərin rəyidir. Onlar hamısı bunun bidət olduğunu deyiblər.
Şam əhlindən olan alimlər bu gecənin ibadətlə necə keçirilməli olduğu barədə iki fərqli rəyə bölünmüşlər:
Birinci: Şəban ayının yarısı (15-ci) gecəsini məscidlərdə camaatla birlikdə ibadətlə keçirilməsi müstəhəbdir. Xalid bin Məadən və Loğman bin Amir və başqaları bu gecədə ən gözəl geyimlərini geyinər, ətirlənər, sürmə çəkər və gecəni məsciddə ibadətlə keçirərdilər. İshaq bin Rahaveyh də bu rəydə onlara müvafiq olmuşdur. İshaq bin Rahaveyh Şəban ayının yarısı (15-ci) gecəsini məscidlərdə camaatla birlikdə ibadətlə keçirilməsi barədə belə demişdir: Bu, bidət deyildir. Bunu Harb əl-Kirməni öz "Məsəil" adlı əsərində nəql etmişdir.
İkinci: Şəban ayının yarısı (15-ci) gecəsində məscidlərdə camaat halında namaz qılmaq, hekayətlər söyləmək və dua etmək məkruhdur. Lakin bir şəxsin özü, təkbaşına namaz qılması (ibadət etməsi) məkruh sayılmır. Bu, Şam əhlinin imam, fəqih və alim olan Əvzainin görüşüdür. İnşaallah, bu rəy daha doğru rəydir". Daha sonra belə dedi: "İmam Əhmədin Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) haqqında bir sözü məlum deyil. Lakin İmam Əhmədin bayram gecələrinin (Fitr və Qurban gecələrinin) ibadətlə keçirilməsinin müstəhəb olub-olmaması ilə bağlı iki rəyi olduğuna əsaslanaraq, Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) də ibadətlə keçirilməsinin müstəhəb olub-olmaması barədə Onun iki müxtəlif rəyi olduğunu söyləmək mümkündür. Belə ki, O, (bir rəvayətdə) bayram gecələrin camaatla birlikdə ibadətlə keçirilməsini müstəhəb saymamışdır. Çünki bu barədə nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrdən bir rəvayət gəlməmişdir". Başqa bir rəvayətə isə İmam Əhməd tabiinlərdən olan Abdurrahman bin Yəzid bin əl-Əsvədin əməlinə əsasən bayram gecələrin ibadətlə keçirməyi müstəhəb saymışdır. Eləcə də Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) barəsində də eyni hökm tətbiq olunur. Yəni: İmam Əhmədin bu gecənin ibadətlə keçirilməsini müstəhəb saydığı qənaətinə gəlmək mümkündür. Bu gecənin ibadətlə keçirilməsi barədə nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrdən bir şey sabit olmamışdır. Lakin bu barədə Şam əhlindən olan görkəmli fəqih tabiinlərindən bu barədə rəvayətlər nəql olunmuşdur.
Hafiz İbn Rəcəbin (Allah ona rəhmət etsin) sözündən gətirilən məzmun burada tamamlanır. Onun bu sözlərində Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) barəsində nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrindən (Allah onlardan razı olsun) hər hansı bir şeyin sabit olmadığı açıq şəkildə bildirilmişdir.
Amma Əvzainin (Allah ona rəhmət etsin) bu gecənin fərdi şəkildə ibadətlə keçirilməsinin müstəhəb saymasına və Hafiz İbn Rəcəbin də bu rəyi qəbul etməsinə gəldikdə isə bu, qərib və zəif bir rəydir. Çünki hər hansı bir şeyin şəri dəlillərlə dinə aid olduğu sübuta yetirilmədikdə, müsəlmanın onu istər fərdi şəkildə, istər camaatla, istər gizli, istərsə də açıq şəkildə, Peyğəmbərin (səllallahu əleyhi və səlləm) sözünün ümumi mənasına əsaslanaraq Allahın dinində yeni bir şey kimi ortaya çıxarması caiz deyildir.
«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيهِ أَمْرُنَا؛ فَهُوَ رَدٌّ».
"Kim (dində) bizim etmədiyimiz (şəriət dəlillərinə istinad etməyən) bir əməl edərsə, o əməl qəbul olunmaz". Bu və digər dəlillər də bidətlərin rədd olunmasına və onlardan çəkinilməsinə dəlalət edir.
İmam Əbu Bəkr Tartuşi (Allah ona rəhmət etsin) özünün "Havadis val-Bidəa) adlı kitabında belə yazır:
"İbn Vaddah Zeyd bin Əsləmin belə dediyini rəvayət edir: Biz öz şeyxlərimizdən və fəqihlərimizdən heç birinin Şəban ayının yarısı gecəsinə (Bəraət gecəsinə) əhəmiyyət verdiyini, Məkhulun (bu gecənin fəziləti haqqında) hədisinə əhəmiyyət verdiklərini və bu gecənin başqa gecələrdən üstün olduğunu düşündüklərini görmədik".
İbn Əbi Müleykəyə belə deyildi: Ziyad ən-Numeyri belə deyir: “Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) savabı (əciri) Qədr gecəsinin savabı kimidir”. İbn Əbi Müleykəyə belə dedi: “Əgər bunu eşitsəydim və əlimdə çubuq olsaydı, onu vurardım”. Ziyad (o zaman) qisas alan (yəni: intiqam alan, qanı qanla ödəyən) idi. Sitatın sonu.
Alləmə Şovkani (Allah ona rəhmət etsin) "əl-Fawaid əl-Məcmuah" adlı kitabında belə deyir:
"Amma: “Ey Əli! Kimsə Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) yüz rükət namaz qılarsa, hər rükətdə Fatiha surəsini, sonra isə on dəfə "Qul huvallahu əhəd" (İxlas surəsini) oxuyarsa, Allah onun bütün ehtiyaclarını yerinə yetirər”, bu və bu məzmunlu digər hədislərə gəldikdə isə, bütün bu hədislərin hamısı uydurmadır (modudur). Bu hədisin ifadələrində, ona əməl edənin əldə edəcəyi elə böyük savablar vəd olunur ki, azacıq düşünən bir adam belə bu sözlərin uydurma olduğunu anlayar. Hədisin sənədində (isnadında) olan ravilərin (rəvayət edən şəxslərin) isə hamısı məchul (tanınmayan) şəxslərdir. Bu hədis ikinci və üçüncü yollarla da rəvayət olunub, lakin onların hamısı uydurmadır və raviləri isə məchul şəxslərdir". Şovkani "əl-Muxtasar" adlı əsərində belə demişdir: "Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) qılınan namaz haqqında rəvayət edilən hədis batildir. İbn Hibbanın Əlidən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi: "Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) gəldikdə, gecəsini ibadətlə keçirin, gündüzünü isə oruc tutun" - zəif hədisdir. Şovkani "əl-Lə-əli" adlı əsərində belə demişdir: "Şəban ayının yarısında (Bəraət gecəsində), (hər rükətdə) on dəfə İxlas surəsi (Qul huvallahu əhəd) oxunaraq qılınan yüz rükət namaz" və bu namazın uzun-uzadı fəzilətləri qeyd olunan hədis, Deyləmi və başqaları tərəfindən rəvayət edilsə də, bu hədis uydurmadır. Bu hədisin üç müxtəlif isnadındakı ravilərin əksəriyyəti, zəif və məchul şəxslərdir". O həmçinin belə demişdir: "(Hər rükətdə) 30 dəfə İxlas surəsi (Qul huvallahu əhəd) oxunaraq qılınan on iki rükətlik namaz" – uydurmadır. "On dörd rükətlik namaz", haqqında olan hədis də uydurmadır".
Bu hədislə "İhya Ulumud-din" əsərinin müəllifi (İmam Qəzali) və başqaları kimi bəzi fəqihlər, həmçinin bəzi təfsirçilər aldanmışdır. Bu gecə — yəni: Şəban ayının yarısı gecəsi — üçün müxtəlif formalarda namazlar rəvayət olunmuşdur, lakin onların hamısı batil və uydurmadır. Bu deyilənlər (yəni: namazla bağlı hədislərin uydurma olması) Tirmizinin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədislə ziddiyyət təşkil etmir. Həmin hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu əleyhi va səlləm) Bəqi qəbiristanlığına getməsini, gecə yarısı Uca Rəbbin dünya səmasına enməsini və Kəlb qəbiləsinin qoyunlarının tükü sayından daha çox insanın bağışlanmasını xəbər vermişdir. Çünki burada söhbət, bu gecədə qılınan uydurulmuş namazdan gedir. Bununla yanaşı, Aişənin bu hədisində zəiflik və isnadında (inqita) qırıqlıq mövcuddur. Eləcə də Əlinin gecə namazı barədə əvvəlcə göstərilən hədis də zəif olduğu üçün, bu namazın uydurma olması fikrinə ziddiyat təşkil etmir". Sitatın sonu.
Hafiz əl-İraqi belə demişdir: “Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) namaz haqqında olan hədis, Peyğəmbərə (səllallahu əleyhi va səlləm) nisbət edilən uydurmadır və Ona adına yaxılmış bir yalandır”. İmam Nəvavi "əl-Məcmuʿ" adlı kitabında belə demişdir: "Rəğaib namazı kimi tanınan — Rəcəb ayının ilk cümə gecəsində, məğrib ilə işa arasında qılınan on iki rükətli namaz — və Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) qılınan yüz rükətli namaz, bu iki namaz bidət və inkar edilməli olan münkər əməllərdəndir. Bu iki namazın "Qutul-qulub" və "İhya Ulumud-din" kitablarında qeyd olunmasına, eləcə də bu namazlarla bağlı nəql olunan hədislərə aldanmaq olmaz. Çünki bütün bunlar batildir. Bu iki namazın hökmündə səhvə yol verən və onların müstəhəb olduğunu göstərmək məqsədilə vərəqlər (risalələr) qələmə alan bəzi alimlərə də aldanmaq olmaz. Çünki onlar bu məsələdə yanılmışlar.
Şeyx, İmam Əbu Muhamməd Abdurrahman bin İsmayıl əl-Məqdisi bu iki namazın batil olduğunu sübut etmək məqsədilə dəyərli bir kitab yazmışdır. O, bu əsərində çox gözəl və yerində yazmış, məsələni kamil şəkildə izah etmişdir. Bu mövzu ilə bağlı alimlərin sözləri isə olduqca çoxdur. Əgər bu məsələdə rast gəldiyimiz bütün elmi rəyləri nəql etməyə başlasaq, bu zaman söz çox uzanar. Lakin ümid edirik ki, qeyd etdiklərimiz haqqı axtaran bir kəs üçün kifayət qədər yetərli və inandırıcıdır.
Qurani-Kərimdən olan ayələr, hədislər və alimlərin sözlərindən aydın olur ki, Şəban ayının yarısı gecəsini (Bəraət gecəsini) xüsusi ibadətlərlə, istər namaz, istər başqa ayinlərlə qeyd etmək və həmin günün gündüzünü xüsusi olaraq oruc tutmaq, əksər alimlərin rəyinə əsasən inkar olunmuş bir bidətdir. Bu əməllərin pak İslam şəriətində heç bir əsası yoxdur. Əksinə, bu əməl səhabələr dövründən sonra İslamda ortaya çıxmış sonradan uydurulmuş yeniliklərdəndir. Haqqı axtaran bir kəs üçün isə bu və digər məsələlərdə Uca Allahın bu kəlamı kifayət edər:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim). [Maidə: 3]. Eləcə də bu məna ilə bağlı nazil olmuş digər ayələr və Peyğəmbərin (səllallahu əleyhi va səlləm) bu barədə olan sözləri kifayət qədərdir. Peyğəmbər (səllallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ».
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Həmçinin bu mənada gələn digər hədislər.
Müslimin “Səhih” əsərində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«لَا تَخُصُّوا لَيْلَةَ الْجُمُعَةِ بِقِيَامٍ مِنْ بَيْنِ اللَّيَالِي، وَلَا تَخُصُّوا يَوْمَهَا بِالصِّيَامِ مِنْ بَيْنِ الْأَيَّامِ، إِلَّا أَنْ يَكُونَ فِي صَوْمٍ يَصُومُهُ أَحَدُكُمْ».
“Cümə gecəsini digər gecələrdən fərqləndirərək xüsusi olaraq ibadətlə (namazla) keçirməyin. Cümə gününü də başqa günlərdən ayıraraq yalnız o günü oruc tutmaqla xüsusiləşdirməyin. Yalnız bu oruc sizin adəti üzrə tutduğunuz bir oruca təsadüf edərsə, bu istisnadır”. Əgər hansısa bir gecənin müəyyən bir ibadətlə xüsusi olaraq qeyd olunması (şəriət baxımından) caiz olsaydı, bu zaman cümə gecəsi digər gecələrdən daha layiqli olardı. Çünki səhih hədislərdə, cümə günü günəşin doğduğu ən xeyirli gün olduğu bildirilmişdir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) cümə gecəsinin digər gecələrdən fərqləndirilib ibadətlə xüsusiləşdirməkdən çəkindirməsi, digər gecələri də ibadətlə xüsusiləşdirməyin icazəli olmadığına dəlalət edir. Hər hansı bir günü və ya gecəni müəyyən bir ibadətlə xüsusiləşdirmək icazəli deyil. Bu yalnız xüsusiləşdirməyə dəlalət edən səhih dəlil olduğu təqdirdə icazəlidir.
Qədr gecəsi və Ramazan gecələri ibadətlə keçirmək və bu gecələrdə itaətlə səy göstərmək şəriətə müvafiq olduğu üçün Peyğəmbər (sallallahu aleyhi va səlləm) buna diqqət çəkmiş, ümməti bu gecələri ibadətlə keçirməyə təşviq etmiş və özü də bunu etmişdir. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ، وَمَنْ قَامَ لَيْلَةَ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».
"Kim Ramazan ayında (gecələrində) imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə (namaz qılarsa), keçmiş günahları bağışlanar. Kim Qədr gecəsini də imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar". Əgər Şəban ayının yarısı gecəsini (Bəraət gecəsini), Rəcəb ayının ilk cümə gecəsini və ya İsra və Merac gecəsini xüsusi ibadətlərlə və ya xüsusi mərasimlə qeyd edərək keçirmək şəriətə uyğun olsaydı, Peyğəmbər (sallallahu aleyhi va səlləm) ümmətinə bunu bildirərdi və ya özü bunu edərdi. Əgər belə bir şey baş versəydi, səhabələr (Allah onlardan razı olsun) bunu ümmətə çatdırardılar və gizlətməzdilər. Onlar peyğəmbərlərdən (Onlara Allahın salat və salamı olsun) sonra insanların ən xeyirlisi və ümmətə qarşı ən səmimi davrananlarıdır. Allah Rəsulunun səhabələrindən razı olsun və onları razı etsin.
Sən az öncə alimlərin sözlərindən, Rəsulullahdan (sallallahu aleyhi va səlləm) və Onun səhabələrindən (Allah onlardan razı olsun) Rəcəb ayının ilk cümə gecəsinin və həmçinin Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) fəziləti barədə heç bir səhih məlumatın sabit olmadığını bildin. Beləliklə, bu gecələrin qeyd edilməsi və hər hansı bir ibadətlə xüsusiləşdirilməsi İslamda sonradan ortaya çıxmış və inkar edilməsi vacib olan bir bidət olduğu aydın oldu. Eləcə də, bəzi insanların İsra və Merac gecəsi hesab etdikləri Rəcəb ayının iyirmi yeddinci gecəsinin, əvvəldə qeyd olunan dəlillərə əsasən, xüsusi bir ibadətlə fərqləndirilməsi və xüsusi şəkildə qeyd olunması caiz deyildir. Bu hökm, həmin gecələrin vaxtı dəqiq bilinsə belə dəyişmir və qüvvədə qalır. Halbuki alimlərin ən doğru görüşünə əsasən bu gecənin dəqiq vaxtı məlum deyil. Kim bu gecənin Rəcəb ayının iyirmi yeddinci gecəsi olduğunu iddia edərsə, o, səhih hədislərdə əsası olmayan batil bir söz söyləmişdir. Bu barədə belə deyən şəxs nə gözəl söz söyləmişdir:
"Ən xeyirli işlər hidayət (doğru yol) üzərində olan əvvəlki işlərdir, ən şər (pis) işlər isə dinə sonradan daxil edilmiş bidətlərdir".
Uca Allahdan bizi və bütün müsəlmanları sünnəyə sarılmağa, onun üzərində sabit qalmağa və ona zidd olan hər bir şeydən uzaq durmağa müvəffəq etməsini diləyirik. Həqiqətən, O, çox səxavətlidir və çox kərimdir.
Allahın salatı və salamı qulu və rəsulu olan peyğəmbərimiz Muhammədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
***
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Səkkizinci Risalə:
Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq
Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq
Abduləziz bin Abdullah bin Bazdan, bu məktubu oxuyan bütün müsəlmanlara. Allah onları İslamla qorusun və bizi də, onları da cahil və nadan insanların uydurduqları yalanların şərindən hifz etsin. Amin.
əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh
Daha sonra:
Mən Peyğəmbər məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən: "Bu, Mədinətul-Münəvvərədən – Peyğəmbər məscidinin xidmətçisi – Şeyx Əhmədin vəsiyyətidir" başlığı altında yayılan bir mətn ilə tanış oldum. O, bu mətndə belə deyir:
Cümə gecəsi oyaq idim və Qurani-Kərimi tilavət edirdim. Allahın gözəl adlarını (Əsmaül-Hüsna) oxuduqdan sonra bu işi tamamladım və yatmağa hazırlaşdım. Bu zaman nurlu çöhrə sahibi Rəsulullah (sallallahu aleyhi va səlləm), aləmlərə rəhmət olaraq göndərilən, Quran ayələrini və şərəfli hökmləri gətirən Peyğəmbərimiz Muhammədi (sallallahu aleyhi va səlləm) gördüm. O mənə dedi: "Ey Şeyx Əhməd!". Mən dedim: "Buyurun, ya Rəsulallah, ey Allahın ən şərəfli məxluqu!". O mənə belə dedi: "Mən insanların çirkin əməllərindən utanıram və Rəbbimin, eləcə də mələklərin qarşısına çıxmağa üzüm yoxdur. Çünki bir cümədən digər cüməyə qədər İslam dini üzərində olmayan yüz altmış min nəfər öldü". Sonra da insanların düçar olduğu bəzi günahlardan bəhs etdi. Sonra dedi: "Bu vəsiyyət, Əziz və Cabbar olan Allahın onlara rəhmətidir". Sonra Qiyamət əlamətlərindən bəzilərini sadaladı. Daha sonra belə dedi: "Ey Şeyx Əhməd! Bu vəsiyyəti insanlara xəbər ver. Çünki bu, Lövhü-Məhfuzdan, qədər qələmi ilə yazılmış bir vəsiyyətdir. Kim onu yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərərsə, onun üçün Cənnətdə bir qəsr tikilər. Kim onu yazmaz və yaymazsa, Qiyamət günü mənim şəfaətim ona haram olar. Kim bu vəsiyyəti yazarsa və kasıbdırsa, Allah onu varlandırar. Borcludursa, Allah onun borcunu ödəyər. Günahı varsa, Allah bu vəsiyyətin bərəkəti ilə onun və valideynlərinin günahlarını bağışlayar. Allahın bəndələrindən kim onu yazmasa, onun üzü dünyada da, axirətdə də qaralar". Sonra belə dedi: "Əzəmətli Allaha and olsun, üç dəfə and içirəm ki, bu sözlər həqiqətdir. Əgər yalan danışıramsa, qoy bu dünyadan İslamdan çıxmış halda köçüm. Kim buna inanarsa, Cəhənnəm əzabından xilas olar. Kim inkar edərsə, küfr etmiş olar."
Bu, Peyğəmbərə (sallallahu aleyhi va səlləm) nisbət edilən yalan vəsiyyətin xülasəsidir. Biz bu saxta vəsiyyəti illərdir dəfələrlə eşitmişik. Bu vəsiyyət zaman-zaman insanlar arasında yayılır, xüsusilə də avam kütlə arasında təbliğ olunur. Onun ifadələrində müxtəliflik olsa da məğzi eynidir. Bu yalanı uyduran şəxs deyir ki, guya yuxuda Peyğəmbəri (sallallahu aleyhi va səlləm) görmüş və O da, ona bu vəsiyyəti vermişdir. Sənə bəhs etdiyimiz bu sonuncu vərəqdə isə, bu yalançı iddia edir ki, guya Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yatmağa hazırlaşarkən görmüşdür. Bu isə o deməkdir ki, guya o, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ayıq halda (yəni: oyaq vaxtı) görüb!
Bu iftiraçı bu vəsiyyətdə bir çox şeylər iddia edib ki, bunlar açıq-aşkar yalandır və batil olduğu aydın görünür. İnşallah, bu məqaləmdə tezliklə bu məsələlərə diqqətini çəkməyə çalışacağam. Mən keçmiş illərdə də bu məsələ barədə danışmışam, insanlara bunun açıq-aşkar yalan və batil olduğunu bildirmişdim. Sonuncu dəfə bu vərəqi qarşıma çıxdıqda, onun barəsində yazmaqda tərəddüd etdim. Çünki batil olması gün kimi aydındır və onu uyduranın yalan danışmaqda sərhəd tanımaması açıq şəkildə ortadadır. Onun batil olduğunu az da olsa bəsirətə sahib, sağlam fitrətli birinin qəbul edəcəyini (inanacağını) heç düşünməzdim. Lakin bir çox din qardaşım bu vəsiyyətin insanlar arasında geniş yayılıb dövr etdiyini və bəzilərinin ona inanaraq alındığını mənə bildirdi. Buna görə də heç kimin ona aldanmaması üçün, mənim kimilərin bu barədə yazmasının, onun batil olduğunu və Peyğəmbər (sallallahu aleyhi va səlləm) adına iftira ataraq uydurulduğunu açıqlamasının vacib olduğunu düşündüm. Elm və iman sahibləri yaxud sağlam fitrətə və doğru ağla malik olanlar bu vəsiyyətə diqqətlə baxsalar, onun bir çox cəhətdən yalan və iftira olduğunu anlayarlar.
Mən bu iftiranın nisbət edildiyi Şeyx Əhmədin bəzi qohumlarından bu vəsiyyət barəsində soruşdum. Onlar isə mənə bu vəsiyyətin Şeyx Əhməd adından uydurulan olduğunu və o, bunu heç vaxt deməyini cavabını verdilər. Adı çəkilən Şeyx Əhməd artıq bir müddət əvvəl vəfat edib. Əgər biz bu Şeyx Əhmədin yaxud ondan daha yaşlı bir şəxsin Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yuxuda və ya ayıq halda gördüyü və ona bu vəsiyyəti tövsiyə etdiyi iddiasının doğru olduğunu fərz etsək, bir çox səbəblərə görə bu kimsənin ya yalan danışdığını ya da onunla danışanın Peyğəmbər (sallallahu aleyhi va səlləm) deyil, şeytan olduğunu tam əminliklə deyə bilərik.
Birincisi: Peyğəmbər (sallallahu aleyhi va səlləm) vəfat etdikdən sonra ayıq halda (yəni: oyaq vaxtı) görülə bilməz. Cahil sufilərdən kim Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ayıq halda gördüyünü yaxud onun mövlud mərasiminə qatıldığını və ya buna bənzər halların baş verdiyini iddia edərsə, o, ən böyük səhvlərdən birinə yol vermiş, şeytanın tələsinə tuş gəlmiş və ağır bir yanlışlıq etmiş və beləliklə də, Qurana, Sünnəyə və alimlərin ittifaqına müxalif olmuşdur. Çünki ölülər dünyada deyil, yalnız Qiyamət günü qəbirlərindən çıxacaqlar. Kim bunun əksini iddia edirsə, o ya açıq-aşkar yalan danışır ya da aldanmış və ona haqq qarışıq şəkildə təqdim olunmuşdur. Belə bir şəxs, saleh sələfin tanıyıb qəbul etdiyi haqqı tanımamış və Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) səhabələrinin, həmçinin onların ardınca gözəl şəkildə gedənlərin yolunu tutmamışdır. Uca Allah buyurur:
﴿ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ15 ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ16﴾
(Bundan sonra siz mütləq öləcəksiniz.
Sonra da Qiyamət günü dirildiləcəksiniz). [Muminun: 15, 16]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«أَنَا أَوَّلُ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، وَأَنَا أَوَّلُ شَافِعٍ وَأَوَّلُ مُشَفَّعٍ».
"Mən Qiyamət günü yerdən (qəbrdən) ilk çıxacaq insan olacam. Mən ilk şəfaət edən və şəfaəti qəbul olunanam". Bu mənada bir çox ayə və hədislər mövcuddur.
İkincisi: Peyğəmbər (sallallahu aleyhi va səlləm) nə sağlığında, nə də vəfatından sonra haqqın əksini deməz. Halbuki bu vəsiyyət — irəlidə gələn izahlarda bəlli olacağı kimi — bir çox cəhətdən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəriətinə açıq-aşkar ziddir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) yuxuda görülə bilər. Kim Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yuxuda onun mübarək simasında görərsə, şübhəsiz ki, o, həqiqətən də Peyğəmbəri (sallallahu aleyhi va səlləm) görmüşdür. Çünki şeytan, səhih hədisdə qeyd olunduğu kimi, onun surətinə girə bilməz. Lakin əsas məsələ, yuxunu görən şəxsin imanında, doğruluğunda, ədalətində, yaddaşında, təqvasında, etibarlılığında və həmçinin o, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) öz əsl surətindəmi yoxsa başqa bir surətdəmi görüb-görməməsidir.
Əgər Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) bir hədis onun həyatında nəql olunubsa, lakin etibarlı, ədalətli və yaddaşı güclü olan ravilər tərəfindən rəvayət edilməyibsə, o hədisə etimad edilməz və onunla dəlil gətirilməz. Yaxud etibarlı və yaddaşı güclü ravilər tərəfindən rəvayət edilibsə, lakin bu rəvayət, onlardan daha hafiz və daha etibarlı olan şəxsin rəvayətinə ziddirsə və bu ziddiyyət elə bir səviyyədədirsə ki, iki rəvayəti cəm etmək mümkün deyil, bu zaman onlardan biri nəsx olunmuş (qüvvədən düşmüş) sayılar və ona əməl olunmaz, digəri isə nəsx edən (qüvvədə olan) sayılar və ona əməl edilər. Əgər bu, nəsx şərtləri daxilində mümkün olarsa. Əgər bu iki rəvayəti nə cəm, nə də nəsx etmək mümkün olmazsa, bu zaman yaddaşı zəif və ədaləti daha aşağı olan ravinin rəvayəti tərk edilməli və ona "Şaz" (Şaz hədis: etibarlı bir ravinin, özündən daha etibarlı (yaddaşı və dəqiqliyi daha güclü) olan bir raviyə zidd şəkildə rəvayət etdiyi hədisdir) hökmü verilməli və onunla əməl olunmamalıdır.
Belə bir halda, əgər bir vəsiyyətin müəllifi məlum deyilsə, onun bu vəsiyyəti Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) nəql etdiyi iddia olunursa və həmçinin vəsiyyətdə şəriətə zidd bir məqam yoxdursa, lakin həmin şəxsin nə ədaləti, nə də etibarlılığı sübut olunmayıbsa, bu halda o vəsiyyət tərk edilməli və ona etibar olunmamalıdır. Bəs əgər o vəsiyyətin içində, onun batil olduğunu göstərən çoxsaylı məsələlər yer alsa, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yalan isnad olunsa və Allahın icazə vermədiyi yeni bir dinin təbliğini ehtiva edərsə, necə qəbul edilə bilər?!
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ قَالَ عَلَيَّ مَا لَمْ أَقُلْ؛ فَلْيَتَـبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».
"Kim mənim adımdan demədiyim sözü deyərsə, Cəhənnəmdə öz yerini hazırladığını bilsin". Bu vəsiyyəti uyduran şəxs Peyğəmbər (sallallahu aleyhi va səlləm) adına Onun demədiyi sözləri demiş, Ona açıq və təhlükəli şəkildə yalan isnad etmişdir. Belə bir böyük xəbərdarlığa (Cəhənnəmlə hədəyə) ən çox layiq olan da elə odur. Əgər o, dərhal tövbə etməzsə, bu vəsiyyətin Peyğəmbərə (sallallahu aleyhi va səlləm) yalan olaraq isnad edildiyini insanlara açıqlamazsa, bu cəzanı haqq etmiş olar. Çünki kim insanlar arasında bir batili yayar və onu dinə nisbət edərsə, onun tövbəsi yalnız bu yalanı açıq şəkildə etiraf etməsi və insanlara, iftira atdığı yalanından döndüyünü bildirməsi ilə qəbul oluna bilər. Çünki Uca Allah belə buyurmuşdur:
﴿إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّٰعِنُونَ159 إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ160﴾
(Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!.
Yalnız tövbə edənlər, (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!). [Bəqərə: 159, 160]. Uca Allah bu mübarək ayədə, kim haqqdan bir şeyi gizlədərsə, onun bu əməldən tövbəsinin yalnız haqqı açıqlamasından və islah etməsindən sonra qəbul ediləcəyini açıq şəkildə bildirmişdir. Uca Allah, Rəsulu Muhammədi (sallallahu aleyhi va səlləm) peyğəmbər göndərməklə bəndələri üçün dini kamil etmiş, onlara olan nemətini tamamlamış və Rəsulunu yalnız bu dini kamilləşdirdikdən və haqqı tam şəkildə bəyan etdikdən sonra Öz dərgahına almışdır. Uca Allah buyurur:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾
(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3].
Bu vəsiyyəti uyduran şəxs isə on dördüncü əsrdə ortaya çıxmış və insanlara yeni bir dini sırımaq istəmişdir. O elə bir din təklif edir ki, guya kim onun qoyduğu şəriətə əməl edərsə, Cənnətə daxil olacaq, kim əməl etməzsə, Cənnətdən məhrum qalacaq və Cəhənnəmə düşəcəkdir. Bu vəsiyyəti uyduran şəxs onu Qurandan daha üstün və daha fəzilətli göstərməyə çalışmışdır. Çünki bu vəsiyyətdə, kim onu yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərərsə, onun üçün Cənnətdə bir qəsr tikiləcəyi, kim də onu yazmaz və yaymazsa, Qiyamət günü Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəfaətindən məhrum olacağı kimi iddialar yer almışdır. Bu, ən çirkin yalanlardandır və bu vəsiyyətin yalan olduğuna dair ən açıq dəlillərdən biridir. Bu həmçinin onu uyduran şəxsin utanmazlığını və yalan danışmaqda nə qədər cəsarətli olduğunu göstərir. Çünki Qurani-Kərimi yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərən bir şəxs belə, əgər Qurana əməl etmirsə, bu cür fəzilətə nail olmaz. Belə olan halda, necə ola bilər ki, bu iftiranı (yalan vəsiyyəti) yazan və onu bir diyardan başqa bir diyara göndərən kəs bu böyük savaba nail olsun?! Kim Quranı yazmasa və onu bir bir diyardan başqa bir diyara göndərməsə də, əgər Peyğəmbərə (sallallahu aleyhi va səlləm) iman etmiş və onun şəriətinə tabe olmuşdursa, o, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəfaətindən məhrum edilməz. Bu vəsiyyətdə yer alan bu tək iftira belə, onun batil və yalan olduğunu, onu yayan şəxsin isə nə qədər axmaq, ağılsız, düşüncəsiz və Peyğəmbərin (sallallahu aleyhi va səlləm) gətirdiyi hidayətdən nə qədər uzaq olduğunu göstərmək üçün kifayətdir.
Bu vəsiyyətdə — qeyd olunanlardan əlavə — elə digər məsələlər də var ki, onların hamısı bu vəsiyyənin batil və yalan olduğuna dəlalət edir. Bu vəsiyyəni uyduran şəxs, istər min dəfə and içsin, istərsə də daha artıq, hətta özünün doğru olduğuna görə özünə ən ağır əzabları və dəhşətli bəlaları diləsə belə, o, heç vaxt doğru danışan olmaz, bu vəsiyyə də heç vaxt doğru ola bilməz. Əksinə, and olsun Allaha, sonra yenə and olsun Allaha, bu, ən böyük və ən iyrənc batillərdəndir. Biz isə Allahı, yanımızda olan mələkləri ... və bu yazını oxuyan müsəlmanları — Rəbbimizə qovuşacağıq bir şahidliklə — şahid tuturuq ki, bu vəsiyyət Allah Rəsuluna (sallallahu aleyhi va səlləm) atılmış bir yalan və iftiradır. Allah bu yalanı uyduranı rüsvay etsin və ona layiq olduğu kimi davransın.
Bu vəsiyyətin yalan və batil olmasına, yuxarıda deyilənlərdən əlavə, qeyd edilən mətndən də bir çox dəlillər vardır. Onlardan bəziləri bunlardır:
Birinci: Vəsiyyətdə belə deyilir: (Çünki cümədən cüməyə qədər İslam dini üzərində olmayan yüz altmış min nəfər öldü). Halbuki bu, qeybdən xəbər verməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) vəfat etdikdən sonra vəhy kəsilmişdir. O, həyatda ikən də qeybi bilmirdi, bəs vəfatından sonra qeybi necə bilər?! Uca Allah belə buyurur:
﴿قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ...﴾
(De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm”). [Ənam: 50]. Uca Allah buyurur:
﴿قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُ...﴾
(De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz”). [Nəml: 65]. Səhih hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:
«يُذَادُ رِجَالٌ عَنْ حَوْضِي يَوْمَ القِيَامَةِ، فَأَقُولُ: يَا رَبِّ! أَصْحَابِي أَصْحَابِي، فَيُقَالُ لِي: إِنَّكَ لَا تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ، فَأَقُولُ كَمَا قَالَ العَبْدُ الصَّالِحُ: ﴿وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ﴾ [المائدة: 117]».
“Qiyamət günü bəzi kişilər hovuzumdan (Kövsərdən) uzaqlaşdırılacaq. Mən deyəcəyəm: "Ey Rəbbim! Bunlar mənim səhabələrimdir, mənim səhabələrimdir!" Mənə deyiləcək: "Sən onların səndən sonra (dində) nə kimi bidətlər etdiklərini bilmirsən". Mən də saleh qulun dediyi kimi deyəcəyəm: (Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Sən oldun. Sən hər şeyə şahidsən).
[Maidə: 117].
İkinci: Bu vəsiyyətin batil olmasına və yalan olmasına dəlalət edən amillərdən biri də orada deyilən bu ifadədir: (Kim bu vəsiyyəti yazarsa və kasıbdırsa, Allah onu varlandırar. Borcludursa, Allah onun borcunu ödəyər. Günahı varsa, Allah bu vəsiyyətin bərəkəti ilə onun və valideynlərinin günahlarını bağışlayar) və s. bu kimi sözlər. Bu isə ən böyük yalanlardan biridir və onun yalançı olduğunu açıq-aydın göstərən dəlillərdəndir. Həmçinin bu, onun Allahdan və qullarından nə qədər az təqvası və həyası olduğunu göstərir. Çünki bu üç şey Qurani-Kərimi yazmaqla baş verməz, bəs bu batil vəsiyyəti yazan şəxsə necə baş verə bilər?! Bu xəbis, insanları aldatmaq, onları bu vəsiyyətə bağlamaq, insanların onu yazıb iddia olunan bu fəzilətlərə bel bağlamalarını, Uca Allahın qulları üçün zənginliyə, borcların ödənilməsinə və günahların bağışlanmasına vəsilə etdiyi səbəbləri tərk etməsini istəyir. Biz rəzillik səbəblərindən, nəfsin istəklərindən və şeytanın əmrlərinə tabe olmaqdan Allaha sığınırıq.
Üçüncü: Bu vəsiyyətin batil olmasına və yalan olmasına dəlalət edən amillərdən biri də orada deyilən bu ifadədir: (Allahın bəndələrindən kim onu yazmasa, onun üzü dünyada da, axirətdə də qaralar). Bu da həmçinin ən çirkin yalanlardan və bu vəsiyyətin batil olmasına, onu uyduranın yalançı olmasına ən açıq dəlillərdəndir. Necə ola bilər ki, ağlı başında olan bir insan, on dördüncü əsrdə tanınmayan bir şəxsin ortaya atdığı, Rəsulullaha (sallallahu aleyhi va səlləm) iftira ataraq uydurduğu və kim onu yazmasa, üzünün dünyada da, axirətdə də qaralacağını, kim yazsa, yoxsulluqdan sonra varlı olacağını, üstünə yığılmış borcdan qurtulacağını və işlədiyi günahların bağışlanacağını iddia etdiyi belə bir vəsiyyəti yazsın?!
Allahım, Sən Pak və Müqəddəsən! Bu böyük bir iftiradır! Həqiqət, dəlillər və reallıq bu iftiraçının yalanını, Allaha qarşı böyük cürətinin və onun həm Allahdan, həm də insanlardan həya etməməsini təsdiqləyir. Çünki çoxsaylı insanlar bu vəsiyyəti yazmayıblar, amma üzləri qaralmayıb. Saysız-hesabsız insanlar var ki, saylarını Allah bilir, onlar bu vəsiyyəti dəfələrlə yazıblar, amma nə borcları ödənib, nə yoxsulluqdan canlarını qurtara biliblər. Qəlblərin azmasından və günahların qəlblərimizi bürüməsindən Allaha sığınırıq. Bütün bunlar, ən fəzilətli və ən əzəmətli kitab olan Qurani-Kərimi yazan şəxs üçün şəriətin nəzərdə tutmadığı sifət və mükafatlardır. Bəs necə ola bilər ki, içində müxtəlif yalanlar və çoxlu küfr cümlələri olan, özündən yalan və uydurma vəsiyyət yazan bir şəxs, belə bir mükafata layiq görülsün? Subhənallah! Allah, Ona yalan danışmağa cürət edənlərə qarşı necə də səbirlidir.
Dördüncü: Bu vəsiyyətin tamamilə batil, əsassız və açıq-aşkar uydurma olduğuna dəlalət edən amillərdən biridə, vəsiyyətdə yer alan bu ifadədir: (Kim buna inanarsa, Cəhənnəm əzabından xilas olar, kim inkar edərsə, küfr etmiş olar). Bu da həmçinin, yalan danışmaqda ən böyük cəsarət və ən çirkin batillərdəndir. Bu iftiraçı bütün insanları öz uydurmasına inanmağa çağırır, bununla onlar Cəhənnəm əzabından xilas olacaqlarını və kim bunu yalan saysa, kafir olacağını iddia edir. Allah and olsun ki, bu yalançı, Allaha qarşı böyük bir iftira uydurmuşdur. Allaha and olsun ki, Allah barəsində doğru olmayanı söyləmişdir. Əksinə, kim buna inanarsa o, kafir olmağa layiqdir, yalan sayan şəxs deyil. Çünki bu, iftira, batil və əsassız bir yalandır. Biz Allah qarşısında şəhadət edirik ki, bu yalandır və onu uyduran da yalançıdır. O, insanlara Allahın icazə vermədiyi bir şeyi şəriət kimi qəbul etdirməyə və dinlərinə, ondan olmayan bir şeyi din kimi təqdim etməyə çalışır. Uca Allah isə bu ümmət üçün dini, bu iftiradan on dörd əsr öncə, tamamlamış və kamilləşdirmişdir. Ey oxucular, ey qardaşlar, diqqətli olun! Belə iftiralara inanmaqdan çəkinin və onların aranızda yayılmasına imkan verməyin. Çünki haqq üzərində nur vardır, onu axtaran yanılmaz. Odur ki, haqqı, onun dəlilləri ilə axtarın və anlamadığınız mövzularda elm sahiblərindən soruşun. Yalançıların andlarına aldanmayın. Çünki lənətlənmiş İblis də Adəm və Həvvaya özünü onlara nəsihət edən kimi göstərərək and içmişdi. Halbuki o, ən böyük xəyanətkar və ən böyük yalançı idi. Uca Allah onun haqqında belə buyurur:
﴿وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ21﴾
(Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi). [Əraf: 21]. Ondan (İblisdən) və iftiraçı davamçılarından özünüzü qoruyun. Çünki insanları aldatmaq və haqq yoldan azdırmaq üçün onun və davamçılarının nə qədər yalan andları, xəyanətkar əhdləri və gözəl bəzədilmiş sözləri vardır. Amma bu iftiraçının ortaya çıxan günahlar barədə dediklərinə gəlsək isə bu, həqiqətən baş verən bir haldır. Müqəddəs Qurani-Kərim və pak Sünnət bundan son dərəcə xəbərdarlıq etmiş və çəkindirmişdir. Orada həm doğru yol, həm də kifayət qədər göstəriş vardır.
Amma Qiyamət əlamətləri barəsində qeyd edilənlərə gəldikdə isə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədisləri Qiyamətin əlamətlərini açıq şəkildə izah etmiş, Müqəddəs Qurani-Kərim isə onlardan bəzilərinə işarə etmişdir. Kim bunu öyrənmək istəsə, onu Sünnə kitablarında, elm və iman sahiblərinin əsərlərində tapa bilər. İnsanların belə bir iftiraçının yalanına, haqqı batillə qarışdırmasına isə ehtiyacı yoxdur. Allah məni, sizi və bütün müsəlmanları şeytanların şərindən, azğınların fitnələrindən, sapanların azğınlığından, Allahın nurunu ağızları ilə söndürmək və insanlara dinlərini qarışdırmaq istəyən Allahın düşməni olan batilçilərin hiylələrindən qoruyub saxlasın. Lakin Allah, düşmənləri olan şeytanlar və onların tərəfdarları olan kafirlər və inkarçılar (dinsizlər) istəməsələr belə, Öz nurunu tamamlayacaq və dinini müdafiə edəcəkdir. Allahdan müsəlmanların hallarını islah etməsini, onlara haqqa tabe olmağı, haqq üzərində sabit qalmağı və bütün günahlardan tövbə etməyi nəsib etməsini diləyirik. Həqiqətən O, tövbələri qəbul edən, mərhəmətli və hər şeyə qadirdir. Allah bizə bəs edər. O nə gözəl Vəkildir. Qüdrət və güc yalnız ən Uca və ən Böyük Allaha aiddir.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salat və salamı Onun sadiq və əmin olan qulu və Rəsulu Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərin üzərinə olsun!
***
az397v3.1 - 26/07/2026